- Dünya çempionatı
- 20:52 24.11.2026
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalı ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiyasını təmin edib.
90deqiqe.Az-ın məlumatına görə, CAS Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib, İntizam Komitəsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Beləliklə, finalda Seneqalın 1:0 hesablı qələbəsi rəsmən bərpa olunub.
Seneqal Futbol Federasiyası apellyasiyasında final matçının baş hakimi Jan-Jak Ndala Nqambonun 109-cu dəqiqədə (90+19) oyunu bərpa etmək qərarının dəyişdirilməməli olduğunu bildirib. Federasiya bu qərarın hakimlərin oyun zamanı qəbul etdikləri qərarların sonradan yenidən nəzərdən keçirilmməsini məhdudlaşdıran “field of play” doktrinasına aid olduğunu vurğulayıb.
Mərakeş Kral Futbol Federasiyası isə Seneqal futbolçularının bir müddət meydanı tərk etməklə Afrika Millətlər Kubokunun reqlamentinin 82-ci və 84-cü maddələrini pozduğunu iddia edib. Mərakeş tərəfinin mövqeyinə görə, hakim bu səbəbdən oyunu dayandırmalı idi və qarşılaşmanı davam etdirmək qərarı düzgün olmayıb.
Tərəflərin arqumentlərini araşdıran arbitraj kollegiyası hakimin oyunu bərpa etmək və ya dayandırmaq qərarının onun səlahiyyətləri çərçivəsində qəbul edildiyi qənaətinə gəlib. Qərarda bildirilib ki, hakim hər iki komandanın meydana qayıtdığını və oyunu davam etdirməyə hazır olduğunu nəzərə alıb.
CAS hesab edib ki, hakimin qərarı meydanda baş verən hadisələrlə bağlı olduğundan “field of play” doktrinasının əhatə dairəsinə düşür. Reqlamentin 82-ci və 84-cü maddələrinin isə yalnız komandalardan birinin davranışı səbəbindən hakimin oyunu tamamilə dayandırdığı hallarda tətbiq oluna biləcəyi vurğulanıb. Bu işdə həmin şərtlərin olmadığı bildirilib.
Arbitraj məhkəməsi hakimin hüquqi səhvə yol vermədiyini, qərarın özbaşına qəbul edilməsinə və ya oyundan kənar amillərin təsirinə dair sübutların olmadığını qeyd edib. CAS-ın qərarı yekdilliklə qəbul olunub.
Qeyd edək ki, “field of play” doktrinasına əsasən, hakimlərin oyun zamanı meydanda qəbul etdikləri qərarlar, onların özbaşına və ya vicdansız hərəkət etdikləri sübuta yetirilmədiyi halda, adətən yenidən nəzərdən keçirilmir.