- Formula-1
- 23:21 29.11.2024
Bakı Şəhər Halqası (BŞH) ətraf mühitin qorunmasına dair davamlı öhdəliyinə uyğun olaraq, Fomula 1 Azərbaycan Qran-Prisi trekinin 19-cu döngəsində “Yaşıl Post”un yenidən quraşdırılmasına qərar verib.
BŞH-nin mətbuat xidmətinin 90deqiqe.Az -a verilən məlumata görə, əsası keçən il qoyulmuş bu yenilikçi layihənin məqsədi avtomobil idmanının böyük populyarlığı vasitəsilə ətraf mühitin qorunması haqqında qlobal məlumatlılığı artırmaqdır.
"Yaşıl Post" motor idmanı üçün daha yaşıl, ekoloji cəhətdən daha təmiz bir gələcəyin təmin olunması ilə bağlı öhdəliyimizin rəmzi kimi çıxış edir. Bu postdakı marşallar tamamilə təkrar emal edilmiş materiallardan hazırlanmış xüsusi dizaynlı yaşıl rəngli marşal geyimləri ilə təmin olunublar. Bundan əlavə, postda istifadə olunan bütün avadanlıqlar ciddi ekoloji standartlara uyğundur, plastikdən istifadəni minimuma endirir və ekoloji cəhətdən təmiz alternativlərə üstünlük verir.
Bu təşəbbüs vasitəsilə BŞH motor idmanının ekoloji məsuliyyətin təşviqində oynadığı mühüm rolu nümayiş etdirir və Formula 1-in Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) fəaliyyəti çərçivəsində uğurlu layihə ilə çıxış edir.
Qeyd edək ki, 2019-cu ildən etibarən F1 2030-cu ilədək Net Sıfır Karbon məqsədinə çatmaq, yarışlarının keçirildiyi hər bir şəhərdə yenilik yaratmaq və idmanı inklüziv etmək məqsədilə dayanıqlılıq strategiyasını həyata keçirir.
Bakı Şəhər Halqası avtoidman dünyasını, rəsmiləri və azarkeşləri bu təşəbbüsə qoşulmağa dəvət edir.