- Formula-1
- 23:14 16.06.2025
"McLaren" komandasının pilotu Lando Norris Monako Qran Prisinin təsnifat mərhələsində əldə etdiyi uğuru dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, poul mövqeyini qazanan britaniyalı sürücü yarışdan sonra verdiyi açıqlamada komandanın əzmini və son aylardakı çətinlikləri vurğulayıb:
“Poul mövqeyi üçün uzun müddət gözləməli olduq. Amma xüsusilə son aylarda yaşadığım problemləri nəzərə alsaq, məmnunam. Monako əla yerdir və poul uğrunda mübarizə aparmaq üçün ən çətin treklərdən biridir, xüsusilə də yerli qəhrəmana qarşı. Mən bütün komanda ilə fəxr edirəm – son aylarda çox çalışdıq və bu nəticəyə görə xoşbəxtəm.”
Norris eyni zamanda seçmə mərhələdə tətbiq edilən strategiyanın uğurla nəticələndiyini də bildirib:
“Sonda bir təkər dəsti ilə iki sürətli dövrə vurmaq strategiyamız riskli deyildi. Bunu sıralanma başlamazdan əvvəl planlaşdırmışdıq və sonda bu, ən düzgün yanaşma oldu. Komanda əla iş gördü – həm burada, həm də qərargahda çalışan hər kəsə böyük təşəkkürlər. Belə günlər asan keçmir, ona görə də mən hər kəslə fəxr edirəm.”
Qeyd edək ki, Monako Qran Prisinin təsnifat mərhələsində "Ferrari"nin sürücüsü Çarlz Lekler ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.