- Formula-1
- 23:53 22.12.2025
Yeddiqat Dünya Çempionu Luis Hemilton 2025-ci ildə şəxsi hesabda “Ferrari” komanda yoldaşı Şarl Lekler qarşısında məğlubiyyətini şərh edərək bildirib ki, 2026-cı ildə qüvvəyə minəcək yeni qaydalar öncəsi bununla bağlı narahatlıq yaşamır.
90deqiqe.Az xəbər verir ki, "Planet F1" təcrübəli sürücünün dediklərini belə çatdırıb.
“Bu barədə narahat deyiləm, xeyr. Sadəcə, bu dövrdə öz tərəfimə fokuslandım. Şarl əlbəttə ki, möhtəşəm iş gördü. O, artıq yeddi ildir buradadır. Ətrafında uzun illər birlikdə çalışdığı bir komanda var. Yəni bu, çox yaxşı işləyən bir mexanizmdir. Mənim tərəfimdə isə yeni insanlar qrupudur. Hələ də bu yeni mühitə alışmaqdayam. İlin ortasında komandaya bir yeni üzv daha qoşuldu. Biz hamımız əlimizdən gələni edirik, amma bir neçə il birlikdə işləyən komanda qədər sinxron olmaq asan deyil. Bu, vaxt tələb edir.”
Debüt mövsümündə Hemilton “Ferrari” üçün ilk dəfə Qran-Pridə podiuma qalxa bilməyib və Lekler qarşısında 86 xal geri qalıb. Britaniyalı sürücü ümid edir ki, 2026-cı ildə qaydaların köklü dəyişməsi komandaya titul uğrunda mübarizəyə qayıtmağa imkan verəcək və ona tam şəkildə komandaya adaptasiya olmağa şərait yaradacaq.