- Formula-1
- 22:58 27.02.2026
“Formula-1”də çıxış edəcək “Kadillak” komandası tarixində ilk şassisinin adını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, yeni bolid MAC-26 adlanacaq. Adın ilk hərfləri amerikalı dünya çempionu Mario Andrettiyə ithaf olunub.
Komanda rəhbəri Den Tauriss məsələ ilə bağlı bildirib:
“İlk şassimizin – MAC-26 adının seçilməsi Mario Andretti-nin “Formula-1”ə gətirdiyi ruhu və Amerika komandasının bu arenada çıxış etməyə layiq olduğuna inamı əks etdirir. Onun hekayəsi Amerika arzusunun təcəssümüdür və bizi hər gün bu komandanı qurmağa ruhlandırır”.
Xatırladaq ki, bolidin livreyası fevralın 9-na keçən gecə ABŞ-da Milli Futbol Liqasının final oyunu zamanı təqdim olunub. Həmin qarşılaşmada “Nyu-İnglend Petriots” və “Sietl Sihoks” üz-üzə gəlib.
Qeyd edək ki, 2026-cı il mövsümündə “Kadillak”ın heyətində dünya çempionatının vitse-çempionları – meksikalı Serxio Peres və finlandiyalı Valtteri Bottas çıxış edəcək.
Yeni mövsüm 6-8 mart tarixlərində Melburnda keçiriləcək Avstraliya Qran-prisi ilə start götürəcək.