3 mart 2026. Çərşənbə axşamı

Yaxın Şərqdəki böhran “Formula-1”ə təsir etdi - Avstraliya Qran-prisi üçün çarter reyslər təşkil olundu


  • Formula-1
  • 23:28 02.03.2026
  • Oxunma sayı: 34
Yaxın Şərqdəki böhran “Formula-1”ə təsir etdi  - Avstraliya Qran-prisi üçün çarter reyslər təşkil olundu

“Formula 1” rəhbərliyi Yaxın Şərqdə yaranmış nəqliyyat problemləri fonunda mövsümün açılış mərhələsi olan Avstraliya Qran-prisi ərəfəsində üç çarter reysi təşkil edib. 

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Avropada qalan təxminən 400 paddok əməkdaşının Melburna vaxtında çatdırılması məqsədilə üç xüsusi çarter reysi təşkil olunub. Oxşar praktika 2020-ci ildə COVID-19 pandemiyası dövründə də tətbiq edilmişdi.

Avstraliya Qran-prisinin baş icraçı direktoru Travis Auld bildirib ki, uçuşlarla bağlı problemlər ümumilikdə 1000-ə yaxın şəxsə təsir göstərsə də, vəziyyət operativ şəkildə tənzimlənib.

Onun sözlərinə görə, yarış üçün zəruri olan bütün yüklər, o cümlədən 22 bolid münaqişə başlamazdan əvvəl Melburna çatdırılıb və Qran-prinin keçirilməsi ilə bağlı heç bir risk yoxdur.

2026-cı il mövsümünün ilk yarışı 6-8 mart tarixlərində Melburnda keçiriləcək. Adətən hər mərhələdə komandaların əməkdaşları, təşkilatçılar, rəsmi şəxslər, media nümayəndələri və digər xidmət personalı daxil olmaqla təxminən 1500 nəfər iştirak edir.

Bir çox əməkdaşın Avstraliyaya Dubay, Əbu-Dabi və Doha hava limanları vasitəsilə uçması planlaşdırılırdı. Lakin İranın ABŞ-İsrail hücumuna cavab olaraq hərbi obyektlərə raket zərbələri endirməsindən sonra region ölkələrinin hava məkanının bağlanması aviareyslərdə ciddi pozuntular yaradıb.

Qeyd edək ki, Bəhreyn Qran-prisi 12 aprelə, Səudiyyə Ərəbistanı Qran-prisi isə bir həftə sonraya planlaşdırılıb. 2022-ci ildə Ciddə mərhələsi zamanı yaxınlıqdakı neft emalı obyektinə raket düşməsinə baxmayaraq, yarış təhlükəsizlik müzakirələrindən sonra baş tutmuşdu.







Formula-1