- Formula-1
- 23:00 09.03.2026
2026-cı il mövsümünün ilk yarışı – Avstraliya Qran-prisi başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Melburnda yerləşən “Albert Park” şəhər trasında keçirilən yarışın qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell olub. O, məsafəni 1 saat 23 dəqiqə 35 saniyəyə qət edərək mövsümün ilk qələbəsini qazanıb.
İkinci yeri onun komanda yoldaşı Andrea Kimi Antonelli tutub. Gənc italiyalı sürücü qalibdən 2,974 saniyə geri qalıb. Üçüncü pillədə isə “Ferrari”nin pilotu Şarl Lekler qərarlaşıb. O, yarışın başlanğıc hissəsində liderlik etsə də, virtual təhlükəsizlik avtomobili rejimində pit-stop etmədiyi üçün mövqeyini itirib və finişə qalibdən 15,519 saniyə geridə çatıb.
Dördüncü yeri digər “Ferrari” pilotu Lyuis Hemilton tutub. Mövsümün son çempionu “Maklaren”in sürücüsü Lando Norris yarışı beşinci sırada tamamlayıb. “Red Bull”un pilotu Maks Ferstappen isə 20-ci yerdən start götürməsinə baxmayaraq, güclü geridönüş edərək altıncı pilləyə yüksəlib.
Yarış başlamazdan əvvəl də insident yaşanıb. “Maklaren”in pilotu Oskar Piastri start düzülüşünə gedərkən qəzaya uğrayıb və yarışda iştirak edə bilməyib. “Audi”nin sürücüsü Niko Hülkenberq isə texniki problem səbəbindən starta çıxmayıb.
Yarış zamanı “Aston Martin” komandasının pilotları Fernando Alonso və Lens Stroll, həmçinin “Red Bull”dan İsak Hacjar və “Kadillak”ın sürücüsü Serxio Peres müxtəlif səbəblərdən mübarizəni dayandırıblar.
İlk onluğu Oliver Berman (“Haas”), Arvid Lindblad (“Reysinq Bullz”), Qabriel Bortoleto (“Audi”) və Pyer Qasli (“Alpin”) tamamlayıblar.