- Formula-1
- 22:56 14.04.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler “Formula-1” sürücüsü kimi fəaliyyətində ən çətin məqamın yarışdan əvvəl start xəttində keçirdiyi vaxt olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli pilot bildirib ki, start mövqeyinə çıxmaq prosesi olduqca mürəkkəbdir:
“Düşünürəm ki, start xəttinə çıxmaq bizim idman növündə ən çətin işlərdən biridir. Ora çatmaq üçün iki və ya üç dövrə vururuq. Daha sonra dayanırıq, maşından düşürük. Təxminən 20 dəqiqə vaxtımız olur – mühəndislərlə ünsiyyət qurmalı, son təlimatları almalı və yenidən sükan arxasına keçməliyik”.
Lekler əlavə edib ki, startdan əvvəlki anlarda diqqəti toplamaq xüsusi əhəmiyyət daşıyır:
“Həmin anlarda ətrafımızda minlərlə insan olur. Orada sponsorlar, bəzən şəkil çəkdirmək və ya söhbət etmək istəyən azarkeşlər də olur. Amma mən yarış boyu lazım olacaq bütün məlumatları mənimsəyirəm. Buna görə də öz dünyamda qalmaq mənim üçün çox vacibdir və bu, ən çətin hissədir”.
O, “Formula-2”dən “Formula-1”ə keçidin də asan olmadığını vurğulayıb:
“Formula-2-də səni demək olar ki, heç kim tanımırdı. Sakit şəkildə yarışırdın, kokpitə əyləşirdin və işini görürdün. Amma “Formula-1”də yüz minlərlə insanın diqqət mərkəzinə düşürsən. İlk yarışlarda bunun öhdəsindən gəlmək çox çətin idi, amma zamanla öyrəşirsən”.
Pilot yarışdan əvvəl müəyyən vərdişlərinin olduğunu da qeyd edib:
“Mənim demək olar ki, hər dəfə yerinə yetirdiyim eyni ardıcıllıq var. Soyuq duş qəbul edirəm, fiziki isinmə hərəkətləri edirəm və sair. Eyni hərəkətləri təkrarlamaq mənə özümü toparlamağa və lazım olan psixoloji vəziyyətə qayıtmağa kömək edir”.