- Formula-1
- 23:55 07.05.2026
“Formula-1”in baş icraçı direktoru Stefano Domenicali 2026-cı ilin ilk rübünün yekunlarına həsr olunmuş konfransda yarışlara marağın əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə İtaliyada tamaşaçı auditoriyası ötən illə müqayisədə 25 faiz yüksəlib. Artım Braziliya və Çində də qeydə alınıb.
Domenikali bildirib ki, İtaliyadakı yüksəlişdə “Ferrari” komandasının uğurlu çıxışı və gənc pilot Kimi Antonellinin performansı mühüm rol oynayıb.
Məlumata görə, mövsümün ilk dörd yarışını ümumilikdə 1,3 milyon tamaşaçı tribunadan izləyib. Melburnda isə ziyarətçi sayı üzrə yeni rekord qeydə alınıb.
Bundan başqa, “Paddock Club” zonası mövsümün demək olar ki, bütün mərhələləri üçün tam satılıb və 65 mindən çox bilet alınıb. Tələbatın artması səbəbindən Silverstoun, Ostin və Monsa mərhələlərində klub zonasının tutumu genişləndiriləcək.
Yaponiya Qran-prisi isə rəqəmsal platformalarda böyük maraq doğurub. Yarışın görüntüləri videoplatformada təxminən 600 milyon baxış toplayıb ki, bu da ötən illə müqayisədə 46 faiz çoxdur.
“Formula-1”in sosial şəbəkələrdəki ümumi auditoriyası 120 milyon izləyicini keçib. Bu göstərici illik müqayisədə 20 faiz artım deməkdir.
Qeyd edək ki, “Formula-1”in 2026-cı ilin ilk rübündə gəlirləri 53 faiz artaraq 617 milyon dollara çatıb. Əməliyyat mənfəəti isə 107 milyon dollar təşkil edib.