- Formula-1
- 22:30 11.05.2026
“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi “Alpin” komandasının pilotu Franko Kolapintoya məsləhət verib.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Argentina millisinin ulduz futbolçusu bildirib ki, Mayami Qran-prisinə qədər 22 yaşlı pilotçu ilə şəxsən tanış olmayıb:
“Düzünü desəm, əvvəllər onunla ünsiyyətim olmayıb. O, mənə dəbilqəsini hədiyyə etmişdi və nə vaxtsa görüşmək istəyirdi. Ortaq tanışlarımız var idi və nəhayət bu görüş baş tutdu. Franko məşqə gəldi, görüşdük. O, həqiqətən də möhtəşəm biridir”.
Messi gənc pilot üçün əsas məqamın öz yolunu keçmək olduğunu vurğulayıb:
“O, öz hekayəsini yaşamalıdır. Həm də çox şeyə hazır olmalıdır. Çünki ictimaiyyətin diqqət mərkəzində olanda hər tərəfdən həm yaxşı, həm də pis hadisələrlə üzləşirsən. Xüsusilə çətin dövrlərdə yaxınlarının, ailəsinin və ətrafındakı insanların dəstəyi çox vacibdir. Sonda məhz bu dəstək insanın ağır günləri keçməsinə kömək edir.
İşlər yaxşı gedəndə hər şey daha asan görünür, insanlar sənə yaxınlaşırlar. Amma əsas məsələ çətin anlarda kimin yanında olduğunu bilməkdir”.