- Formula-1
- 23:59 20.05.2026
"MotoGP" 2027-ci ildən etibarən qaydalarda ciddi dəyişiklik etməyi nəzərdən keçirir və hər pilotun ixtiyarında yalnız bir motosikletin qalması planlaşdırılır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Motorsport" nəşri məlumat yayıb.
İdeya istehsalçılar tərəfindən xərclərin azaldılması məqsədilə irəli sürülüb. Gözlənilir ki, bu addım komandələrdə texniki heyətin sayının da azalmasına səbəb olacaq, lakin dəqiq maliyyə qənaətinin həcmi hələ müəyyənləşməyib. Təklif Grand Prix Komissiyasında səsverməyə çıxarılmalıdır.
Qərar qəbul olunacağı halda, "MotoGP" pilotları "Moto2" və "Moto3" seriyalarında olduğu kimi yalnız bir motosikletlə çıxış edəcəklər. Ən mümkün model kimi isə Superbike üzrə Dünya Çempionatında tətbiq olunan sistem göstərilir: hər pilotun rəsmi olaraq bir əsas motosikleti olur, ehtiyat texnika isə texniki baxışdan sonra yalnız zəruri hallarda istifadəyə verilə bilər.
Dəyişiklik yarış strategiyalarına da ciddi təsir edəcək. Komandalar artıq eyni anda iki fərqli sazlanma üzərində işləyə bilməyəcək. Bundan başqa, hazırkı “flag-to-flag” proseduru da ləğv edilə bilər. Superbike seriyasında isə pilotlar təkərlərin dəyişdirilməsi üçün pit-leyndə dayanır və minimum dayanma müddəti qaydası tətbiq olunur.
Qeyd edək ki, Formula 1-də ehtiyat maşınların istifadəsi 2008-ci ildən etibarən xərclərin azaldılması məqsədilə qadağan edilib.