24 may 2026. Bazar günü

“Pirelli” Kanada Qran-prisi üçün xəbərdarlıq etdi


  • Formula-1
  • 22:31 24.05.2026
  • Oxunma sayı: 23
“Pirelli” Kanada Qran-prisi üçün xəbərdarlıq etdi

“Pirelli” şirkətinin baş mühəndisi Simone Berra Formula 1 komandalarına Kanada Qran-prisinin əsas yarışından əvvəl yağış təkərlərinin əhəmiyyətini vurğulayıb.

90deqiqe.Az-ın “RacingNews365”ə istinadən məlumatına görə, o bildirib ki, yarışın yaş hava şəraitində keçirilməsi ciddi çətinliklər yaradacaq.

Berra qeyd edib ki, aşağı temperatur və trasın enerji tələbinin az olması şəraiti daha da mürəkkəbləşdirəcək: “Əgər yağış yağsa, hər şey çox çətin olacaq. Hava temperaturunun 11–12 dərəcə ətrafında olacağı gözlənilir. Tras temperaturu da buna yaxın olacaq”.

Mütəxəssis vurğulayıb ki, indiyədək belə şəraitdə təkər hazırlanmayıb: “Çox soyuq olacaq və belə görünür ki, aralıq təkərlərdən daha çox tam yağış təkərləri üstünlük təşkil edə bilər”.

Onun sözlərinə görə, belə şəraitdə ilk dəfə ola bilər ki, yağış təkərləri aralıq təkərlərdən daha sürətli olsun: “Əsas problem isinmə deyil, temperaturun saxlanmasıdır. Təkərlər soyuyanda onları yenidən qızdırmaq çox çətindir və bu, tutuşun itirilməsinə səbəb olur”.

Berra iki il əvvəl oxşar vəziyyəti xatırladaraq “Haas” komandasının yarışın əvvəlində yağış təkərləri seçməsinin uğurlu olduğunu qeyd edib. O, bu dəfə də oxşar vəziyyət yaranarsa, yağış təkərlərinin daha effektiv ola biləcəyini bildirib.







Formula-1