- Formula-1
- 23:48 01.06.2026
Dördqat dünya çempionu Maks Verstappen qarşıdan gələn Monako Qran-prisi öncəsi "Red Bull" komandasının bolidi ilə bağlı problemlərdən danışıb.
90deqiqe.Az xəbər verir ki, niderlandlı pilot komandanın RB22 bolidinin nahamar örtüklü traslarda çətinlik yaşadığını bildirib.
"Çuxurların və nahamarlıqların çox olduğu bütün traslarda çətinlik çəkirik. Bu, bolidimizin hazırkı konsepsiyası və belə şəraitdə hərəkət etməsi üçün tətbiq etdiyimiz sazlamalarla bağlıdır. Məqsədimiz bolidi nahamarlıqlara uyğunlaşdırarkən yerəbasma qüvvəsini çox itirməməkdir.
Hələlik ideal həll yolunu tapa bilməmişik. Mayamidə vəziyyət bir qədər yaxşı idi, çünki oradakı tras bu qədər nahamar deyildi. Buna görə də düzgün sazlamaları tapmaq daha asan oldu. Problemin dəqiq səbəbini bilsəydik, hər şey daha sadə olardı. Müəyyən ehtimallarımız var və hazırda məhz bunun üzərində işləyirik"
Monako Qran-prisi ilə bağlı suala cavab verən pilot zarafatla əlavə edib:
"Bəli, əla olacaq. Düşünürəm ki, özümə yeni bel sifariş etməli olacağam".
Qeyd edək ki, Monako küçə trası Formula 1 təqvimində ən nahamar və pilotlar üçün fiziki baxımdan ən çətin yarış məkanlarından biri hesab olunur.