- Formula-1
- 23:48 01.06.2026
“Formula-1” üzrə sabiq pilot Rikardo Patreze hesab edir ki, “Mersedes” komandasının sürücüsü Corc Rassell komanda yoldaşı Andrea Kimi Antonellinin uğurlu çıxışlarından sonra ruhdan düşməməlidir.
90deqiqe.Az xəbər verir ki, "FormulaPassion" sabiq pilotçunun dediklərini belə çatdırıb.
“Əminəm ki, Kiminin mövsümə bu qədər uğurlu başlaması Corc üçün gözlənilməz olub. Dörd yarışı ardıcıl qazanması yəqin ki, onu təəccübləndirib. Rassellin bu vəziyyətin psixoloji təsiri ilə necə mübarizə apardığını bilmirəm. Aydındır ki, bu nəticələr onu hazırlıqsız yaxalayıb.
Onun məyusluğunu başa düşürəm, amma mövsümün cəmi bir neçə mərhələsi geridə qaldığı halda təslim olmaq olmaz. Kim bilir, bəlkə də növbəti yarışda Antonellinin bolidində texniki problem yaşanacaq”, – deyə Patreze bildirib.
Qeyd edək ki, cari mövsümdə Andrea Kimi Antonelli ardıcıl dörd yarışın qalibi olub. O, Kanada mərhələsində də birinci yeri tutaraq pilotların ümumi sıralamasında liderliyini qoruyur.
Corc Rassell isə Monreal mərhələsini başa vura bilməyib və yarışdan sonra mətbuata bədbin açıqlamalar verib.