- Formula-1
- 23:41 02.06.2026
Londonda 2026-cı il mövsümündə Formula-1 Komissiyasının ikinci iclası keçirilib.
90deqiqe.Az xəbər verir ki, iclasda Beynəlxalq Avtomobil Federasiyası və komandaların nümayəndələri 2027-ci il üçün texniki və idman qaydalarına nəzərdə tutulan bir sıra dəyişiklikləri müzakirə ediblər. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qəbul olunan əsas qərarlardan biri mövsümöncəsi sınaqların müddətinin artırılması olub. Belə ki, yeni qaydalara əsasən, komandalar mövsüm başlamazdan əvvəl üç deyil, dörd gün sınaq keçirmək imkanı əldə edəcəklər.
Bununla yanaşı, əvvəlki illərə məxsus bolidlərin sınaqlarına dair məhdudiyyətlər də təsdiqlənib. Yeni qaydalara görə, komandalar növbəti mövsümün yarış təqviminə daxil edilə biləcək traslardan sərbəst şəkildə istifadə edə bilməyəcəklər. Bu məhdudiyyət Türkiyə və Portuqaliyadakı yarış məkanlarını da əhatə edir.
Tərəflər həmçinin gələcək bolidlərin aerodinamik elementləri və kuzov hissələri ilə bağlı bir sıra kiçik dəyişikliklər üzərində də razılığa gəliblər.
Qəbul edilən bütün dəyişikliklər qüvvəyə minməzdən əvvəl Beynəlxalq Avtomobil Federasiyasının Ümumdünya Avtomobil İdmanı Şurası tərəfindən yekun təsdiq almalıdır.