- Formula-1
- 23:41 02.06.2026
2026-cı il mövsümündə Formula-1 çempionatının lideri, “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli Monako Qran-prisində yeni nəsil, daha yığcam bolidlər sayəsində ötmələrin mümkün ola biləcəyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport" italiyalı pilotçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, bir neçə ötmə şahidi ola bilərik, çünki bolidlər əvvəlkindən daha kiçikdir. Əlbəttə, uğurlu manevr etmək üçün yenə də böyük riskə getmək lazım gələcək. Lakin bunun mümkünsüz olduğunu düşünmürəm.
Məncə, trasda bolidi idarə etmək də daha maraqlı olacaq. Xüsusilə də daha yığcam maşınlar və enerji toplama sistemi ilə”, – deyə Antonelli bildirib.
Pilot həmçinin Beynəlxalq Avtomobil Federasiyası ilə döngələrə giriş zamanı sürətlə bağlı aparılan müzakirələrə də toxunub.
“Monakoda bu problem olmayacaq. Çünki bu tras enerji sistemi üçün kifayət qədər rahatdır. Burada uzun düzlüklər yoxdur, buna görə də həmin məsələ ilə ümumiyyətlə qarşılaşmayacağıq”, – deyə o əlavə edib.