- Formula-1
- 23:38 04.06.2026
“Ferrari” və “Maklaren” komandalarının pilotları — müvafiq olaraq 28 yaşlı monakolu Şarl Lekler və 26 yaşlı britaniyalı Lando Norris qayda pozuntusuna görə stüardların çağırışına məruz qalıblar.
90deqiqe.Az xəbər verir ki, bu barədə Formula 1 Beynəlxalq Avtomobil Federasiyasının sənədlərində qeyd olunub.
Məlumata görə, hər iki pilot cümə axşamı keçirilən ənənəvi yarışqabağı mətbuat konfransına gecikdiyi üçün idman reqlamentinin B10.1.1.a maddəsini pozmaqda ittiham olunur. Onlar 5 iyun səhər saatlarında öz komandalarının nümayəndələri ilə birlikdə stüardlar qarşısına çıxmalıdırlar. Lekler saat 10:00-da, Norris isə 10:10-da izahat verməlidir.
Qeyd edək ki, Monako Qran-prisi mövsümün altıncı mərhələsidir və 5–7 iyun tarixlərində keçiriləcək. Bu yarış həm də çempionatın Avropa hissəsinin ilk mərhələsidir.
Monako trası Formula 1 təqvimində ən qısa dövrə məsafəsinə malikdir. Yarış 78 dövrədən ibarət olub, ümumi məsafə 260,3 kilometr təşkil edir. Şəhər trasında ötmələrin olduqca çətin olması səbəbindən yarışın nəticəsi çox vaxt sıralanma turunda müəyyənləşir.