- Formula-1
- 21:38 05.06.2026
"Audi"nin baş icraçı direktoru Gernot Döllner komandasının Formula 1-də 2027-ci il üçün nəzərdə tutulan mühərrik reqlamentində dəyişikliklərə niyə qarşı olduğunu açıqlayıb.
90deqiqe.Az-ın “PlanetF1"ə istinadən məlumatına görə, alman mütəxəssis hazırkı texniki qaydaların qüvvədə qalmasının tərəfdarı olduqlarını bildirib.
Döllnerin sözlərinə görə, komanda hazırda üzərində işlədiyi güc qurğusunun inkişafına fokuslanıb və reqlamentdə mümkün dəyişikliklər bu prosesi çətinləşdirə bilər.
"Biz mövcud reqlamentin saxlanılmasını üstün tuturuq. Hazırda boliddə istifadə olunan sistem üzərində işləyirik və optimallaşdırmalı olduğumuz çoxlu məqamlar var. Qaydalardakı dəyişiklik bu istiqamətdə işimizə kömək etməyəcək"
"Audi" rəhbəri həmçinin büdcə məhdudiyyətlərinin də bu məsələdə mühüm rol oynadığını qeyd edib.
"Belə bir dəyişiklik əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edəcək. Biz isə həmin vəsaitin digər inkişaf sahələrinə yönəldilməsini daha məqsədəuyğun hesab edirik", - deyə Döllner bildirib.
O əlavə edib ki, məsələ ilə bağlı yekun qərarı Beynəlxalq Avtomobil Federasiyası (FIA) verəcək və yaxın günlərdə və ya həftələrdə 2027-ci il mövsümü üçün texniki reqlamentlə bağlı aydınlıq yaranacağı gözlənilir.
Qeyd edək ki, Formula 1-də bəzi tərəflər 2027-ci ildən etibarən daxiliyanma mühərriki və elektrik gücü arasındakı nisbətin hazırkı 50:50 modelindən 60:40-a dəyişdirilməsini təklif edirlər. "Audi" isə mövcud balansın qorunmasının tərəfdarıdır.