- Formula-1
- 23:27 11.06.2026
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula çempionatının rəhbərliyi “Pirelli” şirkəti ilə müqaviləni 2028-ci ilin sonunadək uzadıb.
90deqiqe.Az xəbər verir ki, bununla da İtaliya şirkəti Formula-1, Formula-2, Formula-3 və Qadınlar Akademiyası çempionatlarının yeganə təkər təchizatçısı olaraq fəaliyyətini davam etdirəcək.
“Pirelli” ilk dəfə 1950-ci ildə keçirilən debüt mövsümündən etibarən çempionatda təmsil olunur və 2011-ci ildən bəri yeganə təkər təchizatçısı statusuna malikdir. Şirkət bu müddət ərzində 500-dən çox Qran-pri yarışında iştirak edib.
Formula çempionatının baş icraçı direktoru Stefano Domenikali əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib:
“Biz uzun illərdir “Pirelli” ilə uğurlu tərəfdaşlıqdan faydalanırıq. Şirkətin texniki imkanları, yüksək nəticələrə yönəlmiş fəaliyyəti, yenilikçiliyi və dayanıqlılığa verdiyi önəm bu əməkdaşlığı xüsusi edir. FIA ilə birlikdə bu münasibətlərin daha bir il uzadılmasına şadam”.
FIA prezidenti Məhəmməd bin Sulayem isə bildirib ki, “Pirelli” avtomobil idmanının ən yüksək səviyyəsində sabit performans, yenilikçilik və təhlükəsizlik standartlarını təmin edir.
Şirkətin icraçı sədr müavini Marko Tronkettı Provera Formula-1-i “yeniliklərin tətbiqi, qabaqcıl texniki həllərin sınaqdan keçirilməsi və elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi üçün ən yaxşı laboratoriya” adlandırıb.
Müqavilənin uzadılması tərəflərin qarşılıqlı razılığı əsasında mövcud sazişdə nəzərdə tutulan müddəanın işə salınması ilə həyata keçirilib. Yeni razılaşma 2028-ci il mövsümünün sonunadək qüvvədə olacaq.