- Formula-1
- 23:27 11.06.2026
“Aston Martin” komandasının pilotu Fernando Alonso bildirib ki, Barselona-Kataloniya Qran-prisi böyük ehtimalla onun "Formula-1"dəki son yarışı olacaq.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı sürücü gələcəyi ilə bağlı yekun qərarı yay fasiləsindən sonra verəcəyini açıqlayıb.
“Bu, yəqin ki, Barselonadakı son yarışım olacaq. Rəqabətədavamlı çıxış edə bilmirəm. Sıralama turunda uzun müddət mübarizə aparmaq çətin olacaq, yarışda isə tempi aşağı olacaq. Bu mərhələ mənim üçün xüsusidir və sonuncu dəfə iştirak etməyim də onu daha fərqli edir.
Hələ heç nə qərarlaşdırmamışam. Yaydan sonra çıxışlarımı davam etdirib-etdirməyəcəyimə qərar verəcəyəm. Gələn il təqvimdə Barselona olmayacaq. Buna görə də bu yarışın sonuncu olması ehtimalı daha yüksəkdir”
O qeyd edib ki, hər yarışa sonuncu yarışı kimi yanaşır:
“Hər dəfə sükan arxasına keçəndə düşünürəm ki, bu, son yarışım ola bilər. Qələbə qazanmamaq və rəqabətədavamlı olmamaq çətindir. Lakin bu, nə karyeramı, nə də həyatımı dəyişir. Mən arzuladığımdan da artıq uğur qazanmışam”.
Alonso xatırladıb ki, məhz Barselonada “Renault” və “Benetton” komandalarına məxsus bolidlərlə ilk sınaq yürüşlərini keçirib. O, həmçinin İspaniya kralı Xuan Karlosla birgə şərəf dövrəsi vurduğunu, lakin həmin an kralın avtomobildə olduğunu bilmədiyini deyib.
Pilot cari mövsümün çətin keçəcəyini də vurğulayıb:
“Monakoda xal qazandıq, amma bunun səbəbi yarış zamanı baş verən çoxsaylı hadisələr idi. Sürət çatışmazlığını gizlətmək mümkün deyil. Hazırda dörd çox güclü komanda var və digər kollektivlər əsasən doqquzuncu və onuncu yerlər uğrunda mübarizə aparırlar. ‘Alpin’ isə açıq şəkildə beşinci ən güclü komandadır”.
Alonsonun sözlərinə görə, yeni texniki yeniliklər həm bu il, həm də gələcək mövsümlər üçün faydalı olacaq və komandanın vəziyyətinin mövsümün ikinci yarısında yaxşılaşacağına ümid edilir.
“Yeni texniki qaydalar dövrünə uğursuz başlanğıc etmək ideal deyil. Yenidən liderlər qrupuna qayıtmaq üçün vaxt lazım olacaq. Mühərrikin kifayət qədər sürətli olmadığını və layihənin tam hazır vəziyyətdə olmadığını tez anladıq. Problemləri aradan qaldırmalıyıq, lakin yarışlar iki həftədən bir keçirilir və bunun təsirini yalnız mövsümün ikinci yarısında görə biləcəyik”, – deyə o əlavə edib.
İspaniyalı sürücü ölkəsində iki mərhələnin keçirilməsini də yüksək qiymətləndirib:
“İki fərqli şəhərdə iki yarışın keçirilməsi böyük üstünlükdür. Barselona mənim ev yarışım hesab olunur. Madrid isə Formula-1-ə yeni yanaşma gətirəcək. Bakı, Sinqapur və Mayami kimi şəhərlərdə keçirilən yarışlar tamamilə fərqli təcrübə yaradır. Bir-birini tamamlayan belə mərhələlər həm azarkeşlər, həm də ölkə üçün çox faydalıdır”.