- Formula-1
- 23:52 20.06.2026
"Mercedes" komandasının rəhbəri Toto Volff "Maklaren"in rəhbəri Zak Braunun Formula-1-də komandalar arasında əməkdaşlıqla bağlı narazılığına münasibət bildirib.
90deqiqe.Az-ın “RacingNews365”ə istinadən məlumatına görə, avstriyalı funksioner bu məsələdə fərqli mövqelərin başadüşülən olduğunu qeyd edib.
"Bu məsələyə dair istənilən mövqe və yanaşma anlaşılandır. Məsələn, Cin Haasın "Ferrari" ilə əməkdaşlığı olmasaydı, onun Formula-1-ə daxil olması mümkün olmazdı. Çünki kiçik komanda olaraq öz mühərrikini, sürətlər qutusunu, hidravlik sistemini, soyutma qurğularını və digər vacib komponentləri hazırlamaq real deyil.
Maliyyə məhdudiyyətləri tətbiq olunmazdan əvvəl Formula-1-də rəqabət aparmaq son dərəcə baha başa gəlirdi. Buna görə də belə əməkdaşlıq modelləri yeni komandaların çempionata qoşulması üçün ən optimal həll idi.
Zak Braunun mövqeyi isə əsasən belə bir suala söykənir: komandalar arasında əməkdaşlıq hansı həddə qədər davam edir? Məsələn, eyni aerodinamik tuneldən istifadə və ya texniki məlumat mübadiləsi hansı üstünlüklər yarada bilər? Mən hesab edirəm ki, mövcud qaydalar kifayət qədər sərtdir və onların pozulmasına imkan vermir. Lakin insanların bir komandadan digərinə keçməsi kimi məsələlər müəyyən suallar doğura bilər və bu, tamamilə haqlı yanaşmadır.
Digər tərəfdən, əgər iki komanda eyni sahiblik və ya eyni nəzarət altında fəaliyyət göstərirsə, müxtəlif sahələrdə müəyyən üstünlüklərin yaranması qaçılmazdır. Onların əksəriyyəti qaydalar çərçivəsində baş verir.
Mayamidə keçirilən yarışda kifayət qədər asan görünən bir ötmə manevri gördük. Əgər həmin komandalar eyni nəzarət altında olmasaydılar, bu baş verərdimi? Bəlkə də bəli, bəlkə də yox. Məhz buna görə texniki inkişaf və idman tərəfi üzrə əməkdaşlığın sərhədlərini daha dəqiq müəyyən edən qaydalara ehtiyac var.
Əgər bu məsələ aydın şəkildə tənzimlənsə, artıq komandanın səhmdar quruluşunun necə olması, hansı hissələri kənardan alması və ya yalnız mühərrik təchizatçısından asılı olması o qədər də əhəmiyyət daşımayacaq.
Əlbəttə, ideal variant hər komandanın öz mühərrikini, sürətlər qutusunu və digər bütün komponentlərini müstəqil şəkildə istehsal etməsi olardı. Lakin bu gün "Haas" kimi nisbətən kiçik komanda üçün bunu həyata keçirmək mümkün deyil.
Ona görə də hesab edirəm ki, bu məsələdə müxtəlif yanaşmalar üçün yer qalmalıdır. Əsas məqsəd isə nəyə icazə verildiyini və nəyin qadağan olunduğunu daha aydın göstərən qaydaların hazırlanmasıdır", - deyə Volff bildirib.