- Formula-1
- 23:40 03.07.2026
"Mercedes"in pilotu Andrea Kimi Antonelli Böyük Britaniya Qran-prisinin sprint təsnifatında ikinci yeri tutmasını şərh edib.
90deqiqe.Az xəbər verir ki, gənc pilot nəticədən razı qalsa da, birinci yeri əldən verməsinə görə təəssüfləndiyini bildirib.
"Çox yaxın oldu və buna görə məyusam. Açığı, ilk hissədə özümü rahat hiss etmirdim, bolid istədiyim kimi idarə olunmurdu. Daha sonra balansda kiçik dəyişiklik etdik və ikinci hissədə vəziyyət tamamilə dəyişdi. Sürətimiz geri qayıtdı.
Son hissədə ideal dövrə vurmağı bacarmadım. Buna baxmayaraq, nəticə pis deyildi. Sadəcə, Lüis Hemiltona çox az fərqlə uduzdum. Onu təbrik edirəm. İndi isə bütün diqqətimizi sabahkı yarışa yönəldəcəyik", - deyə Antonelli bildirib.
İtaliyalı pilot bolidin sürətindən razı qaldığını da vurğulayıb.
"Bolid özünü yaxşı aparırdı. "Ferrari" ciddi irəliləyiş əldə edib və bu, yarışı daha da çətinləşdirəcək. Üstəlik, Lüis də əla formadadır. Amma biz belə çağırışları sevirik və əlimizdən gələni edəcəyik.
Sabah qələbə uğrunda mübarizə apara biləcəyimə inanıram. Ən yaxşı nəticəni əldə etmək üçün hər şeyi edəcəyik. Asan olmayacaq, amma uğurlu çıxış etmək öz əlimizdədir", - deyə Antonelli əlavə edib.