6 iyul 2026. Bazar ertəsi

Həmilton cəzalandırıldı, amma ...


  • Formula-1
  • 23:13 05.07.2026
  • Oxunma sayı: 39
Həmilton cəzalandırıldı, amma ...

Yeddiqat dünya çempionu, "Ferrari" komandasının pilotu Luis Həmilton Böyük Britaniya Qran-prisi zamanı sarı bayraq rejiminin tələblərini pozduğu üçün rəsmi xəbərdarlıq alıb. Bununla belə, britaniyalı pilot yarışın yekun protokolunda üçüncü yerini qoruyub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi qərarında bildirilib.

Qərarda qeyd olunur ki, stüardlar 44 nömrəli bolidin pilotu Lyuis Həmiltonun və komanda nümayəndəsinin izahatlarını dinləyib, həmçinin telemetriya və digər məlumatları araşdırıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Həmilton müvafiq sektora daxil olarkən nə sarı bayraqlar göstərilib, nə də işıq panellərində sarı siqnal aktiv olub. Doqquzuncu döngəyə qədər pilotun keçdiyi hissədə belə xəbərdarlıq mövcud olmayıb. Doqquzuncu döngədən sonra keçdiyi ilk işıq panelində isə artıq yaşıl siqnal yanırdı. Sükan üzərindəki displeydə sarı bayraq xəbərdarlığı yalnız pilot 10-cu döngəyə doğru düz yolda hərəkət edərkən, demək olar ki, həmin sektoru tərk etdiyi anda görünüb.

Stüardların araşdırması göstərib ki, pilotun birbaşa görmə sahəsində sarı siqnal göstərən heç bir işıq paneli olmayıb, sükan displeyindəki xəbərdarlıq isə çox qısa müddət görünən vəziyyətdə qalıb. Buna görə də Həmiltonun sarı bayraq rejiminə vaxtında reaksiya vermək üçün kifayət qədər imkanının olmadığı qənaətinə gəlinib.

Bundan əlavə, stüardlar nəzərə alıblar ki, Həmilton həmin sektora daxil olmazdan dərhal əvvəl Maks Ferstappeni geridə qoyub və mümkün əks-hücumu gözləyib. Bu səbəbdən onun diqqəti düz yol boyunca əsasən arxa görüntü güzgülərinə yönəlib və sektorun sonunda yerləşən yaşıl işıq panelini izləmək imkanı məhdud olub.

Bununla belə, araşdırma nəticəsində müəyyən edilib ki, sükan displeyində sarı bayraq xəbərdarlığı göründükdən sonra Həmilton sürətini nəzərəçarpacaq dərəcədə azaltmayıb. Beləliklə, o, tək sarı bayraq rejimində qüvvədə olan tələbləri tam şəkildə yerinə yetirməyib.

Cəzanı müəyyənləşdirərkən stüardlar Həmiltonun sektora sarı bayraq tətbiq edilməzdən əvvəl daxil olmasını, xəbərdarlığın ona yalnız sektoru tərk etməyə yaxın çatmasını, reaksiya üçün vaxt və məsafənin son dərəcə məhdud olmasını, eləcə də pilotun diqqətinin əvvəlki mübarizəyə yönəlməsini yüngülləşdirici hal kimi qiymətləndiriblər.

Bütün bu amilləri nəzərə alan stüardlar rəsmi xəbərdarlığın tətbiqini kifayət qədər adekvat cəza hesab ediblər.







Formula-1