8 iyul 2026. Çərşənbə

Verstappenin qəzalarından sonra federasiya hərəkətə keçdi


  • Formula-1
  • 23:13 07.07.2026
  • Oxunma sayı: 38
Verstappenin qəzalarından sonra federasiya hərəkətə keçdi

Beynəlxalq Avtomobil Federasiyası (FİA) "Red Bull" və "Ferrari" komandalarının istifadə etdiyi "Makarena qanadı" adlandırılan arxa qanad quruluşu ilə bağlı araşdırmaya başlayıb.

90deqiqe.Az xəbər verir ki, buna səbəb son iki yarış həftəsonunda Maks Verstappenin iştirakı ilə baş vermiş iki hadisə olub.

Məlumata görə, Avstriya Qran-prisinin sıralama yürüşündə baş vermiş qəza və Böyük Britaniya Qran-prisində trasdan çıxma hadisəsinin arxa qanadın işi ilə əlaqəli olduğu ehtimal edilir. Federasiya bu cür texniki həllərin təhlükəsizlik baxımından risk yaradıb-yaratmadığını müəyyənləşdirmək niyyətindədir.

Bildirilir ki, "Red Bull" arxa qanadın etibarlılığını təmin edə bilməsə, komanda Belçika Qran-prisindən etibarən bu quruluşdan imtina edərək əvvəlki variantdan istifadə edə bilər.

Bundan başqa, Beynəlxalq Avtomobil Federasiyası komandaları arxa qanadın quruluşunda və ya işləmə mexanizmində əlavə təhlükəsizlik tədbirləri tətbiq etməyə məcbur edə bilər. Federasiya bu texniki həlləri potensial təhlükəli hesab edəcəyi təqdirdə, onların istifadəsinin tam qadağan olunması da istisna edilmir.

Qeyd edək ki, oxşar texniki həllə üstünlük verən "Ferrari" komandasında indiyədək arxa qanadla bağlı ciddi problem qeydə alınmayıb.







Formula-1