- Formula-1
- 23:14 08.07.2026
"Formula-1"də mövsüm öncəsi bütün komandaların iştirakı ilə keçirilən birgə təqdimat mərasimi yenidən təşkil oluna bilər.
90deqiqe.Az xəbər verir ki, çempionat rəhbərliyi 2027-ci ilin əvvəlində İtaliyada belə bir tədbirin keçirilməsi imkanını nəzərdən keçirir.
Məlumata görə, təqdimat mərasiminin ən real keçiriləcəyi şəhər Milan hesab olunur. Tədbirin fevral ayında baş tutacağı gözlənilsə də, bununla bağlı yekun qərar hələ verilməyib.
Bildirilir ki, "Formula-1" rəhbərliyi yalnız ümumi təqdimat formatını bərpa etməyi deyil, eyni zamanda onu hər il təşkil olunan ənənəvi tədbirə çevirməyi də planlaşdırır. Bu halda təqdimat mərasimi hər mövsüm fərqli şəhərdə keçiriləcək.
Qeyd edək ki, belə formatda ilk birgə təqdimat mərasimi 2025-ci ildə çempionatın 75 illiyi münasibətilə Londonun O2 arenasında təşkil olunmuşdu.
Cari mövsüm öncəsi isə qısaldılmış mövsümlərarası fasilə və yenilənmiş texniki reqlament əsasında hazırlanan yeni nəsil bolidlərin təqdimata hazırlanması səbəbindən bu format təkrarlanmayıb.