- Formula-1
- 23:32 14.07.2026
"Red Bull" komandası qarşıdakı Belçika Qran-prisində hazırkı arxa qanad konstruksiyasından istifadə edə biləcək.
90deqiqe.Az-ın məlumatına görə, son həftələr Beynəlxalq Avtomobil Federasiyası "Red Bull" və "Ferrari" komandaları ilə oxşar hərəkətli arxa qanad sistemi ilə bağlı müzakirələr aparır. Bildirilir ki, araşdırma texniki reqlamentə uyğunluqdan deyil, yalnız təhlükəsizlik məsələlərindən qaynaqlanır.
Federasiya bu məsələ ilə bağlı əlavə qərar qəbul edənədək hər iki komanda Spa-Frankorşam trasında keçiriləcək yarış həftəsonunda mövcud arxa qanad versiyasından istifadə edə biləcək.
Araşdırmaya Maks Ferstappenin Avstriya və Böyük Britaniya Qran-prilərində yaşadığı iki insident səbəb olub. Hər iki halda bolidin arxa qanadı tam bağlanmayıb və nəticədə niderlandlı pilot sürətli döngələrdə arxa oxda sıxıcı qüvvənin əhəmiyyətli hissəsini itirərək trasdan çıxıb.
Silverstoundakı yarışdan sonra Maks Ferstappen bu problemi "həyat üçün təhlükə yaradan vəziyyət" kimi qiymətləndirib.
Bundan əvvəl Beynəlxalq Avtomobil Federasiyasının "Red Bull" və "Ferrari"dən sistemin bütün şəraitlərdə təhlükəsiz işlədiyini təsdiqləmək üçün əlavə texniki məlumat tələb etdiyi bildirilmişdi.