16 iyul 2026. Cümə axşamı

Oliver Berman gələcəyi ilə bağlı açıqlama verdi


  • Formula-1
  • 22:34 16.07.2026
  • Oxunma sayı: 48
Oliver Berman gələcəyi ilə bağlı açıqlama verdi

"Formula-1" üzrə mübarizə aparan britaniyalı pilot Oliver Berman karyerasının gələcəyi ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, "Haas" komandasında çıxış edən və "Ferrari"nin gənc pilot proqramının üzvü olan 21 yaşlı sürücü İtaliya təmsilçisində yarışmaq ehtimalını dəyərləndirib.

Berman bildirib ki, "Ferrari" ilə bağlı ümidlərini qoruyur:

"Gələcəyim "Ferrari"də olacaq? Buna ümid edirəm. Lakin bu məsələdə tam qərar vermək hüququ məndə deyil. "Ferrari" "Formula-3"də olduğum vaxtdan mənə güvənib və 2024-cü ildə məni öz avtomobilinin sükanı arxasına əyləşdirib. Hazırda burada olmağımın əsas səbəblərindən biri də budur.

Hazırda isə "Haas"dakı çıxışımdan zövq alıram. İndi nə qədər sürətli olsam, gələcəkdə vəziyyətim bir o qədər yaxşı olacaq. "Ferrari"dən hər hansı məlumat almışam? Xeyr. Hazırda növbəti il üçün müqaviləm yoxdur və sadəcə gözləyirəm", – deyə pilot qeyd edib.

Berman 2027-ci il üçün azad agent olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.

"2027-ci il üçün azad agentəm? Xeyr, yox. Mən bunu deməmişəm", – deyə o vurğulayıb.

Qeyd edək ki, Oliver Berman "Ferrari"nin gənc istedadlarından biri sayılır. O, 2024-cü ildə bu komandanın avtomobili ilə "Formula-1"də debüt edib.

 







Formula-1