- Formula-1
- 23:14 16.07.2026
"Haas" komandasının sabiq rəhbəri Günter Ştayner "Mersedes"in pilotları Corc Rassel və Andrea Kimi Antonelli barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Ştaynerin sözlərinə görə, Rassel böyük ehtimalla Almaniya komandasındakı yerini qoruyacaq. Lakin britaniyalı pilot komanda daxilində əsas sürücü statusunu itirə bilər. Buna səbəb isə onun gənc komanda yoldaşı Antonellinin inamlı çıxışlarıdır.
Ştayner bildirib ki, 19 yaşlı italiyalı pilot artıq Rasselə ciddi təzyiq göstərir:
"Biz onun çox sürətli olduğunu bilirdik. Lakin ikinci mövsümündə bu qədər sürətli inkişaf etməsi əsl sürpriz oldu. Düşünmürdüm ki, o, bu qədər tez Corc Rasselə belə ciddi təzyiq göstərə və bir neçə yarış qazana biləcək.
Hazırda Corc üçün daha çox şey risk altındadır. Əgər Antonelli bu il çempion ola bilməsə, bu faciə olmayacaq. Onun cəmi 19 yaşı var.
Lakin Corcun böyük uğura indi ehtiyacı var. Əks halda bir gün dünya çempionu olmaq şansını itirə bilər. Corc çox güclü pilotdur. Hər bir yüksək səviyyəli komandaya etibarlı ikinci sürücü lazımdır. "Formula-1" komandalarında daxili iyerarxiya zamanla adətən özü formalaşır. Nəticədə qalib yalnız bir nəfər ola bilər", – deyə Ştayner bildirib.
Qeyd edək ki, Andrea Kimi Antonelli "Mersedes"in gənc istedadlarından biri hesab olunur və ilk mövsümündən etibarən güclü çıxışı ilə diqqət çəkib.