- Formula-1
- 23:14 16.07.2026
"Makklaren" komandasının pilotu Oskar Piastri 2027-ci ildə Maks Verstappenin onun yerini tuta biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın “RacingNews365”ə istinadən məlumatına görə, Belçika Qran-prisi öncəsi keçirilən mətbuat konfransında avstraliyalı pilotdan bu barədə soruşulub. Piastri isə qısa və konkret cavab verib:
"Bəli", – deyə o, gələn il də "Makklaren"də çıxış edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Pilot bildirib ki, yayılan xəbərləri görüb və eşidib, lakin hazırkı vəziyyətindən tam razıdır.
"Mən hətta bunun hər hansı müzakirə mövzusu olduğunu anlamırdım. Əlbəttə, bütün bu xəbərləri görmüşəm və eşitmişəm. Amma şəxsi olaraq hazırkı mövqeyimdən tam razıyam. Zak Braun və Andrea Stella bu vəziyyətdə mənə böyük dəstək göstəriblər və mənə güvəndiklərini bildiriblər.
Aydındır ki, hazırda Maks özünü ideal vəziyyətdə hiss etmir və mümkün variantları nəzərdən keçirir. Ötən il də eyni vəziyyət yaşanmışdı və onun "Mersedes"lə əlaqələndirilməsi barədə xəbərlər yayılmışdı. Buna görə də burada yeni heç nə yoxdur.
Mən hazırda olduğum yerdən və inkişaf istiqamətindən çox razıyam. Bu xəbərlər məni xüsusi narahat etmir. Pilotlar bazarında vəziyyətin necə dəyişdiyini və hansı məlumatların yayıldığını bilmək həmişə faydalıdır. Mən bu komandaya və onların mənə dediklərinə güvənirəm. Onların mənə inandığını hiss edirəm. Mənim üçün əhəmiyyətli olan da məhz budur", – deyə Piastri bildirib.
Qeyd edək ki, son vaxtlar Maks Ferstappenin gələcəyi ilə bağlı müxtəlif iddialar yayılır. Lakin "Makklaren" rəhbərliyi Oskar Piastri ilə əməkdaşlıqdan razı olduğunu dəfələrlə açıqlayıb.