- Formula-1
- 23:18 17.07.2026
"Formula-1" üzrə çıxış edən "Haas" komandasının rəhbəri Ayao Komatsu komandanın gələcək pilot heyəti ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o, Oliver Bermanın komandadan ayrılması ehtimalına münasibət bildirərək bu məsələdə çox şeyin özlərindən asılı olmadığını deyib:
"Oliverin komandadan ayrılması ilə bağlı hər hansı addım atmağı düşünmürük. Hazırda diqqətimiz onun müqaviləsi çərçivəsində edə biləcəyimiz məsələlərə yönəlib. Lakin onun müqaviləsi "Ferrari" ilə bağlıdır. Əgər biz uğurlu çıxış etsək və Oliver özünü ən yaxşı tərəfdən göstərsə, əlbəttə ki, onu komandada saxlamaq istəyəcəyik. Amma bu qərar yalnız bizdən asılı deyil. Buna görə də yalnız nəzarət edə bildiyimiz məsələlərə diqqət yetiririk".
Ayao Komatsu Rafa Kamaranın gələcəkdə "Formula-1"ə keçidi ilə bağlı iddialara da aydınlıq gətirib:
"Hazırda bütün diqqətimizi indiki iki pilotumuzun maksimum nəticə göstərməsinə yönəltmişik. Esteban Okona tam dəstək veririk və hazırda yalnız bunu düşünürük. Bir məsələni də dəqiqləşdirim: Bəli, Rafa yaxşı çıxış edir. Ancaq "Ferrari" tərəfindən onu komandaya cəlb etməyimiz üçün bizə hər hansı təzyiq göstərilmir. Pilot seçimində əsas meyar yalnız onların göstərdiyi nəticələrdir. Komandaya ən yüksək nəticəni qazandıracaq şəxs pilotumuz olacaq", – deyə Komatsu bildirib.