- Formula-1
- 23:18 17.07.2026
Belçikalı avtomobil yarışçısı və televiziya eksperti Naomi Şiff "Formula-1" üzrə dördqat dünya çempionu Maks Verstappenin "Red Bull" komandasındakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o bildirib ki, niderlandlı pilotun digər komandaların təkliflərini dəyərləndirməsi tamamilə başadüşüləndir:
"Niyə də başqa komandalara baxmasın? Ötən mövsüm onun artıq özünə yeni komanda axtardığı hiss olunurdu. Lakin düşünürəm ki, "Red Bull"da qalmaqla düzgün qərar verdi. O, yeni texniki qaydaların nələr gətirəcəyini və komandalar arasında qüvvələr nisbətinin necə dəyişəcəyini görmək istəyirdi".
Şiffin sözlərinə görə, "Red Bull" kağız üzərində ən güclü mühərrikə sahib olsa da, komandanın sabit nəticə verən texniki paketi yoxdur.
"Maksa niyə başqa variantlara baxmaq istədiyini başa düşürəm. O, dəfələrlə bildirib ki, daha 10 il "Formula-1"də yarışmaq niyyətində deyil və gələcəkdə başqa sahələrlə də məşğul olmaq istəyir. Buna görə də hazırda keçirdiyi illərdən maksimum yararlanmağa çalışır. Təəssüf ki, hazırda paddokda seçim edə biləcəyi o qədər də çox açıq qapı yoxdur", – deyə Naomi Şiff bildirib.