19 iyul 2026. Bazar günü

Həmilton Belçika Qran-prisindəki uğursuzluğun səbəbini açıqladı


  • Formula-1
  • 23:16 18.07.2026
  • Oxunma sayı: 43
Həmilton Belçika Qran-prisindəki uğursuzluğun səbəbini açıqladı

Yeddiqat dünya çempionu Luis Həmilton Belçika Qran-prisinin sıralama yürüşlərindən sonra bolidinin davranışından narazı qaldığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli pilotun sözlərinə görə, üçüncü sərbəst yürüşdə qəzadan sonra bərpa olunan bolid əvvəlki kimi idarə olunmayıb.

"Bəli, hisslər tamamilə fərqli idi. Komanda üçüncü sərbəst yürüşdə zədələnən bolidi qısa müddətdə bərpa etmək üçün möhtəşəm iş gördü. Həmin məşqdə maşın əla işləyirdi və özümə tam güvənirdim. Düşünmürəm ki, poul uğrunda mübarizə apara bilərdik, çünki "Mersedes" çox sürətli idi. Amma üçüncü məşqdəki bolidlə ən azı üçüncü yer uğrunda mübarizə aparmaq mümkün idi"

Britaniyalı pilot əlavə edib ki, sıralama yürüşləri başlayanda bolid əvvəlki performansını itirmişdi.

"Sıralama mərhələsində mənə bir neçə onluq saniyə çatmadı. Bolid artıq üçüncü məşqdəki kimi deyildi. Amma əlimdə olan imkanlarla bacardığımın maksimumunu etdim", – deyə o vurğulayıb.

Xatırladaq ki, Belçika Qran-prisinin üçüncü sərbəst yürüşünün son dövrəsində Həmilton idarəetməni itirərək trasdan çıxmış, bordürlərdən iki dəfə sıçradıqdan sonra təhlükəsizlik səddinə çırpılmışdı.







Formula-1