- Formula-1
- 23:45 21.07.2026
"Ferrari" komandası 2026-cı il mövsümünün ən çox müzakirə olunan texniki yeniliklərindən biri hesab edilən qeyri-adi arxa qanadın yenilənmiş versiyasını Macarıstan Qran-prisində istifadəyə verə bilər.
90deqiqe.Az-ın “AutoRacer”ə istinadən məlumatına görə, Maranello təmsilçisi yüksək sıxıcı qüvvə tələb edən traslar üçün hazırlanmış təkmilləşdirilmiş qurğunu artıq istifadəyə hazır vəziyyətə gətirib.
Bildirilir ki, yeni arxa qanadda əlavə aerodinamik elementlər tətbiq olunacaq. Bu dəyişikliklərin bolidin arxa hissəsində sıxıcı qüvvəni artıraraq avtomobilin sabitliyini yaxşılaşdırması nəzərdə tutulur.
Bununla belə, "Ferrari" hələlik yenilənmiş arxa qanadın Budapeştdə keçiriləcək mərhələdə istifadəyə veriləcəyini rəsmi şəkildə təsdiqləməyib. Daha əvvəl komandanın bu yeniliyi Belçika Qran-prisində sınaqdan keçirəcəyi bildirilsə də, təqdimat son anda təxirə salınmışdı.
Qeyd edək ki, paddokda "Makarena qanadı" adlandırılan bu texniki həll mövsümün ən diqqətçəkən yeniliklərindən biri sayılır. Qurğunun əsas xüsusiyyəti hava müqavimətinin minimum olduğu rejimdə arxa qanadın yuxarı hissəsinin təxminən 270 dərəcə fırlanmasıdır. Bu texnologiyanı ilk tətbiq edən "Ferrari" olub. Daha sonra oxşar həllər "Red Bull" və "Maklaren" komandaları tərəfindən də istifadə edilməyə başlanıb.