22 iyul 2026. Çərşənbə

"Ferrari" Həmiltonun açıqlaması ilə razılaşmadı


  • Formula-1
  • 23:40 21.07.2026
  • Oxunma sayı: 43
"Ferrari" Həmiltonun açıqlaması ilə razılaşmadı

"Ferrari" komandasının mühəndisləri Belçika Qran-prisindən sonra pilot Luis Həmiltonun bolidində yaranan zədələrlə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıblar.

90deqiqe.Az-ın “Motorsport Italia”ya istinadən məlumatına görə, britaniyalı pilot yarışdan sonra "Mercedes" pilotu Corc Rassellə ilk dövrədə baş verən təmas nəticəsində bolidin sıxıcı qüvvəsinin təxminən 50 vahid azaldığını bildirib.

Lakin "Ferrari" mühəndislərinin hesablamalarına əsasən, faktiki itki cəmi 10 vahid təşkil edib ki, bu da hər dövrədə təxminən 0,15 saniyə vaxt itkisinə bərabərdir.

Həmilton yarışı dördüncü pillədə başa vurub və üçüncü yeri tutan "Red Bull" pilotu Maks Verstappendən 5,7 saniyə geri qalıb. Komandanın hesablamalarına görə, zədələr olmasaydı belə, britaniyalı pilot yarış ərzində təxminən 6,5 saniyə vaxt itirəcəkdi.

Bundan əlavə, Həmilton dayanacaq zolağında da əlavə vaxt itirib. Cərimənin icrası ilə yanaşı, mexaniklər bolidin ön qanadının vəziyyətini çıxış siqnalından sonra dəyişməyə çalışdıqları üçün gecikmə yaranıb. Nəticədə mexaniklərdən biri bolidin toxunması nəticəsində yerə yıxılıb, lakin ciddi xəsarət almayıb.

Bildirilir ki, komanda pilotun bolidin dönmə qabiliyyəti ilə bağlı iradlarını da tam aradan qaldıra bilməyib. Həmilton yarış ərzində avtomobilin döngələrdə istədiyi kimi idarə olunmadığından şikayət edib.







Formula-1