- Formula-1
- 23:55 23.07.2026
"Honda" yenilənmiş güc qurğusunun ilk testini gələn həftə "Hunaqorinq" trasında keçirməyi planlaşdırır.
90deqiqe.Az-ın “PlanetF1”ə istinadən məlumatına görə, yapon istehsalçısı yeni mühərriki çəkiliş günü çərçivəsində sınaqdan keçirəcək.
Əvvəlcə yenilənmiş mühərrikin yay fasiləsindən sonra keçiriləcək ilk mərhələ - Niderland Qran-prisində debüt edəcəyi gözlənilirdi. Lakin "Honda"nın iş qrafikini sürətləndirdiyi və güc qurğusunun ilk dəfə Macarıstan Qran-prisindən bir neçə gün sonra trasda yoxlanılacağı bildirilir.
Qeyd edək ki, bu həftə Budapeştdə keçiriləcək yarışda "Aston Martin" komandası ciddi şəkildə yenilənmiş AMR26 şassisini təqdim edəcək. Boliddə aerodinamik yeniliklər paketi tətbiq olunacaq. Komanda Fernando Alonso və Lens Strollun avtomobillərinin ilk sərbəst yürüşə hazır olacağını açıqlayıb.
"Silverstoun" və "Spa-Frankorşamp" traslarında keçirilən əvvəlki yarışlar "Aston Martin" və "Honda" üçün çətin keçib. Buna səbəb güc qurğusunun rəqiblərlə müqayisədə kifayət qədər effektiv olmaması olub. Belçika Qran-prisinin sıralanma turunda komandanın bolidləri liderlərdən təxminən üç saniyə geri qalıb.
Lakin "Hunaqorinq" trasında mühərrik gücündən daha çox şassinin effektivliyi ön plana çıxır.
"Hungariya gücə daha az həssas olan trasdır. Belçikada məhz güc qurğusuna görə çox vaxt itirdik, amma burada bu təsir daha az olacaq. Biz şassinin döngələrdə nə qədər sürətli olduğunu görəcəyik. Düşünürəm ki, bu, onun potensialını qiymətləndirmək üçün yaxşı trasdır", - deyə "Honda"nın baş mühəndisi Şintaro Oriharanın sözlərini mənbə yayıb.
"Honda" nümayəndələri həmçinin yeni şassinin 2026-cı il mövsümünün əvvəlində mühərriklə bağlı yaranan vibrasiya problemlərini təkrarlamayacağına əmin olduqlarını bildiriblər.