- Formula-1
- 23:32 25.07.2026
"Mercedes" komandasının pilotu Corc Rassell Macarıstan Qran-prisinin cümə günü keçirilən sərbəst yürüşlərindən sonra "Ferrari"nin hazırkı vəziyyətdə rəqiblərindən üstün olduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, britaniyalı sürücünün fikirlərini komandanın mətbuat xidməti yayıb.
"Düşünürəm ki, bu gün hamı üçün bir qədər qəribə keçdi. Budapeşt trası sürmək baxımından möhtəşəmdir. Lakin dövrənin təxminən yarısında asfalt yenilənib. Örtük kifayət qədər nahamardır və son döngələrdə artıq aşınma hiss olunur. Bu da bolidi idarə etməyi çətinləşdirir", - deyə Rassell bildirib.
27 yaşlı pilot bir dövrəlik sürətdə komandasının gözlənilən nəticəni göstərmədiyini, uzun məsafəli yürüşlərdə isə vəziyyətin daha ümidverici olduğunu vurğulayıb.
"Sürətli dövrələrdə tempimiz o qədər də yaxşı görünmürdü. Uzun seriyalarda isə daha rəqabətədavamlı idik. Amma görünür, "Ferrari" ilə bağlı narahatlıqlarımız özünü doğrultdu. Onlar hazırda çox, çox güclüdürlər. Bizim isə hələ üzərində işləməli olduğumuz məqamlar var. Hazırda "Ferrari" bütün rəqiblərdən bir addım öndədir", - deyə "Mercedes" pilotu əlavə edib.