- Formula-1
- 23:32 25.07.2026
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları "Ferrari" komandasının pilotu, yeddiqat dünya çempionu Luis Həmiltonu Macarıstan Qran-prisinin əsas yarışında start düzülüşündə üç mövqe geriyə salıblar.
90deqiqe.Az xəbər verir ki, buna səbəb britaniyalı pilotun sıralama turunda "McLaren" sürücüsü Oskar Piastriyə mane olması olub.
FIA-nın qərarında bildirilir ki, stüardlar Lüis Həmilton, Oskar Piastri və hər iki komandanın nümayəndələrinin izahatlarını dinləyib, həmçinin video görüntüləri, telemetriya məlumatlarını, radio danışıqlarını və bolidlərin bort kameralarının qeydlərini araşdırıblar.
Araşdırma zamanı müəyyən edilib ki, 44 nömrəli bolid birinci döngəyə yaxın yarış trayektoriyası üzərində xeyli aşağı sürətlə hərəkət edib. Həmin anda sürətli dövrəsini vuran 81 nömrəli bolid – Oskar Piastri ona yaxınlaşıb.
Həmilton bildirib ki, sürətli dövrəsini yenicə başa vurmuşdu və komandasından yaxınlaşan bolid barədə radio vasitəsilə gec məlumat alıb. Onun sözlərinə görə, Piastri bolidin yerləşdiyi mövqeyə görə güzgülərdə görünməyib.
Bununla belə, stüardlar hesab ediblər ki, Piastri toqquşmadan yayınmaq üçün trasdan kənara çıxmağa məcbur olub və nəticədə sürətli dövrəsini yarımçıq dayandırıb.
FIA mövcud sübutlara əsaslanaraq Həmiltonun sıralama turunda rəqibə əsassız maneə yaratdığı qənaətinə gəlib. Texniki Reqlamentə və bu tip qayda pozuntuları üçün nəzərdə tutulmuş cəza qaydalarına uyğun olaraq, britaniyalı pilot Macarıstan Qran-prisinin start düzülüşündə üç mövqe itirib.