- Formula-1
- 23:32 25.07.2026
"Uilyams" komandasının pilotu Karlos Sayns Formula 1 üzrə Macarıstan Qran-prisinin sıralama turundan sonra komandanın hazırkı vəziyyətini tənqid edib.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı sürücünün fikirlərini "Marca" nəşri yayıb.
"Düzünü desəm, bu trasın bizim üçün mövsümün ən çətin mərhələsi olacağını gözləyirdik. Buna görə də Macarıstana aşağı gözləntilərlə gəlmişdim. Amma ən böyük problem bolidin qeyri-sabit davranışıdır. Sürətli dövrə vurmaq çox çətindir və bunu bütün həftəsonu gördük"
İspaniyalı pilot xüsusilə sürətlər qutusunda yaranan problemlərin komandanı ciddi narahat etdiyini vurğulayıb.
"Birinci sərbəst yürüşdən üçüncü sessiyaya qədər sürətlər qutusu ilə bağlı ciddi problemlər yaşayırıq. Bu, bolidin balansına mənfi təsir göstərir və İspaniya mərhələsində yaşadığımız çətinlikləri yenidən təkrarlayır. Bunun səbəbini hələ də tam anlaya bilmirik. İlk növbədə bu problemi həll etməliyik",
Sayns "Aston Martin"in son yeniləmələrini nümunə göstərərək, komandasının da oxşar inkişaf etməli olduğunu bildirib.
"Daha sürətli bolid istəyiriksə, 'Aston Martin'in etdiyini etməliyik. Onlar qısa müddətdə aerodinamik baxımdan böyük irəliləyiş əldə etdilər. Bu, bizi narahat etmək əvəzinə motivasiya verməlidir. Onlar sübut etdilər ki, düzgün inkişafla qısa müddətdə ciddi irəliləyiş mümkündür"
Karlos Saynsın sözlərinə görə, Bakıda təqdim olunacaq yenilənmə paketi komandanın problemlərini tam həll etməyəcək.
"Bakıda gətiriləcək yeniliklərin bizi xal uğrunda mübarizəyə qaytaracağını düşünmürəm. Məncə, komanda artıq əsas diqqətini gələn mövsümün bolidinə yönəltməlidir. Hazırkı vəziyyət göstərir ki, düşündüyümüzdən daha çox geridəyik və komandanın inkişaf səviyyəsi mütləq yüksəlməlidir"
Qeyd edək ki, Sayns sıralama turunda yalnız 18-ci nəticə göstərə bilib.