- Formula-1
- 22:39 28.07.2026
ABŞ-ın "IndyCar" seriyasının təşkilatçıları 2028-ci il mövsümündən etibarən istifadə olunacaq yeni "Dallara IR-28" şassisini təqdim ediblər.
90deqiqe.Az-ın məlumatına görə, yeni bolid İtaliyanın Dallara şirkəti ilə birgə hazırlanıb və 2012-ci ildən çempionatda istifadə olunan DW12 modelini əvəz edəcək.
Təşkilatçıların sözlərinə görə, IR-28 əvvəlki boliddən daha sürətli olacaq, pilotlara təkərbətəkər daha gərgin mübarizə aparmaq imkanı yaradacaq, eyni zamanda təhlükəsizlik səviyyəsini də əhəmiyyətli dərəcədə artıracaq.
Bildirilib ki, yeni şassi ilə 1996-cı ildə niderlandlı pilot Ari Lüyendeyk tərəfindən “İndianapolis” ovalında müəyyən edilmiş dövrə rekordunun yenilənməsi gözlənilir. Həmin vaxt o, 2,5 millik dövrəni 37,895 saniyəyə başa vuraraq orta hesabla saatda 382,216 kilometr sürət nümayiş etdirmişdi.
IR-28-in hazırkı DW12 şassisindən 45 kiloqram yüngül olduğu da vurğulanıb. Yeniliklərdən biri də yarış zamanı bolidin cari mövqeyini göstərəcək rəqəmsal displeyin quraşdırılmasıdır.
Yeni avtomobil 2,4 litrlik, ikiqat turbokompressorlu V6 hibrid mühərriki ilə təchiz ediləcək. Güc aqreqatının maksimal gücü 760 at qüvvəsi təşkil edəcək. Bundan əlavə, yeni mühərrik hazırda istifadə olunan versiyadan 9 kiloqram daha yüngüldür.
"IndyCar" seriyasının dördqat çempionu və cari mövsümün lideri Aleks Palou yeni bolid barədə müsbət fikirlərini bölüşüb:
“Bu avtomobili ilk dəfə görəndə IndyCar-ın inkişaf istiqamətindən daha da təsirləndim. Bolid çox möhtəşəm görünür və düşünürəm ki, bu, çempionat üçün böyük addımdır. Bununla yanaşı, o, hələ də klassik IndyCar ruhunu qoruyub saxlayır. Əminəm ki, azarkeşlər bu avtomobili bəyənəcəklər. Mən isə pilot kimi onun sükanı arxasına keçəcəyim günü səbirsizliklə gözləyirəm”.