- Formula-1
- 21:11 02.08.2026
Dördqat dünya çempionu və "Red Bull" komandasının pilotu Maks Verstappen Avstriya təmsilçisində hazırkı vəziyyətin yenidənqurma prosesi kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.
90deqiqe.Az-ın “RacingNews365"ə istinadən məlumatına görə, niderlandlı pilot komandanın bəzi əsas mütəxəssislərinin ayrılmasına baxmayaraq, strukturun güclü olaraq qaldığını və hazırda yalnız müəyyən proseslərin təkmilləşdirildiyini vurğulayıb.
"Mən bunu yenidənqurma adlandırmazdım. Əslində, burada yenidən qurulacaq heç nə yoxdur. Komandada fəaliyyətini davam etdirən çox güclü struktur var. Bir neçə nəfərin ayrılması o demək deyil ki, qalanlar nə edəcəyini bilmir. Buna görə də bunu yenidənqurma yox, sadəcə incə tənzimləmə adlandırıram.
Daha əvvəl də dediyim kimi, bu komanda mənim üçün ikinci ailə kimidir. Buradakı insanlarla işləməkdən zövq alıram. Həmişə ən yaxşı nəticəni istəyirəm. Onlar da eyni məqsədi daşıyırlar və biz mükəmməlliyə mümkün qədər yaxın olmaq üçün əlimizdən gələni edirik. Amma bu, asan deyil. Formula-1 son dərəcə rəqabətli mühitdir", – Ferstappen bildirib.
Qeyd edək ki, son aylarda "Red Bull"un bir neçə aparıcı əməkdaşının komandadan ayrılması fonunda kollektivdə genişmiqyaslı dəyişikliklərin baş verdiyi barədə iddialar səsləndirilirdi. Ferstappen isə bu fikirlərlə razı olmadığını bir daha vurğulayıb.