- Formula-1
- 21:11 02.08.2026
"Maklaren"in pilotu Oskar Piastri dörd il əvvəl "Alpin"ə keçidi təkzib etdiyi məşhur paylaşımının ildönümü münasibətilə onu təbrik edən azarkeşlərə təşəkkür edib.
90deqiqe.Az-ın məlumatına görə, avstraliyalı pilot sosial şəbəkə hesabında qısa paylaşım edərək bunları yazıb:
"İldönümü münasibətilə göndərdiyiniz bütün təbriklərə görə təşəkkür edirəm."
Xatırladaq ki, 2 avqust 2022-ci ildə "Alpin" Fernando Alonsonun komandadan ayrılmasından sonra Oskar Piastrinin 2023-cü il mövsümündə əsas pilot kimi çıxış edəcəyini açıqlamışdı.
Lakin bir neçə saat sonra Piastri bu məlumatı sosial şəbəkədə təkzib etmişdi.
"Alpin" mənim razılığım olmadan mətbuat açıqlaması yayıb və gələn il bu komandada çıxış edəcəyimi bildirib. Bu, doğru deyil. Mən 2023-cü il üçün "Alpin"lə müqavilə imzalamamışam və həmin mövsümdə bu komandanın heyətində yarışmayacağam", – deyə pilot qeyd etmişdi.
Daha sonra Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Müqavilələr üzrə Tanınma Komissiyası Piastrinin "Maklaren"lə bağladığı müqaviləni etibarlı hesab etdi. Avstraliyalı pilot 2023-cü ildə məhz Britaniya komandasının heyətində Formula-1-də debüt edib.