6 avqust 2026. Cümə axşamı

FİA rəsmisi "Formula 1" pilotlarının narazılığına cavab verdi


  • Formula-1
  • 23:22 05.08.2026
  • Oxunma sayı: 33
FİA rəsmisi "Formula 1" pilotlarının narazılığına cavab verdi

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) biryerlik avtomobillər üzrə direktoru Nikolas Tombazis "Formula 1" pilotlarının enerji idarəetmə alqoritmləri ilə bağlı tənqidlərinə münasibət bildirib.

90deqiqe.Az-ın “The Race"a istinadən məlumatına görə, onun sözlərinə görə, pilotların enerji paylanmasına tam nəzarət etməsi texniki baxımdan mümkün deyil və mövcud alqoritmlər "Formula 1"də tətbiq olunmağa davam edəcək.

"Pilotların iradlarını başa düşürəm. Enerji ehtiyatı məhdud olduğu üçün ondan maksimum səmərə ilə istifadə etmək həlledici əhəmiyyət daşıyır. Məhz buna görə müxtəlif strategiyalar tətbiq olunur"

FİA rəsmisi qeyd edib ki, enerji sisteminin tamamilə pilotun ixtiyarına verilməsi daha böyük problemlərə səbəb ola bilər.

"Əgər pilot istədiyi vaxt sistemi aktivləşdirib söndürə və enerjidən istədiyi qədər istifadə edə bilsə, o, döngələrdən çıxarkən bütün enerji ehtiyatını qısa müddətdə sərf edərdi. Bu halda hazırda tənqid olunan problemlər daha da qabarıq şəkildə özünü göstərərdi", - deyə o vurğulayıb.

Tombazis əlavə edib ki, batareyanın enerji sərfiyyatı, bərpası və doldurulma səviyyəsi (SOC) ilə bağlı məhdudiyyətlər komandaların daha böyük akkumulyatorlardan istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır.

"Biz komandaların daha iri batareyalar hazırlamağa məcbur qalmasını istəmirik. Bu, bolidlərin yenidən ağırlaşmasına səbəb olardı. Üstəlik, hesab etmirəm ki, pilot bütün bu parametrləri eyni vaxtda rasional şəkildə idarə edə bilər", - deyə FİA rəsmisi bildirib.

O, həmçinin enerji balansında nəzərdə tutulan müəyyən dəyişikliklərin gələcəkdə vəziyyəti sadələşdirəcəyini qeyd edib.

"Pilotların narazılığı enerji idarəetmə sistemindən qaynaqlanır. Bu sistem həqiqətən də mürəkkəbdir və mən onların fikri ilə tam razıyam. Lakin bu, daha fundamental problemin nəticəsidir", - deyə Nikolas Tombazis əlavə edib.







Formula-1