- Formula-1
- 23:35 05.08.2026
"Red Bull"un sabiq müşaviri Helmut Marko 2025-ci ilin sonunda Avstriya komandası ilə yollarını ayırdıqdan sonra 8 milyon avro təzminat alıb.
90deqiqe.Az-ın “F1-Insider"ə istinadən məlumatına görə, "Red Bull"un qurucusu Ditrix Mateşiçin 2022-ci ildə vəfatından sonra Marko avstriyalı iş adamının fəlsəfəsinin əsas simalarından biri hesab olunurdu. O, səmimi açıqlamaları, gənc pilotlara şans verməsi və parlaq istedadlara üstünlük verməsi ilə tanınırdı.
Lakin "Red Bull" rəhbərliyi 2025-ci ildə Helmut Marko ilə əməkdaşlığa son qoymaq qərarı verib.
Bildirilir ki, Oliver Mintslaffın rəhbərlik etdiyi yeni idarə heyəti müqaviləyə xitam vermək üçün Markoya 8 milyon avro ödəyib.
Mənbənin iddiasına əsasən, tərəflər arasında imzalanan razılaşmada məxfilik bəndi də yer alıb. Həmin şərtə görə, Helmut Marko 2026-cı ilin sonuna qədər mətbuata açıqlama verməməli və ictimai müsahibələrdə iştirak etməməlidir.