- Formula-1
- 23:35 05.08.2026
Formula 1 üzrə ikiqat dünya çempionu Mika Həkkinen "Red Bull"un pilotu Maks Verstappenin "Maklaren"ə mümkün keçidinin məqsədəuyğun olmadığını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, veteran finlandiyalı sürücünün fikrincə, komandanın artıq iki güclü pilotu olduğu halda heyətdə dəyişiklik etmək daxili harmoniyanı poza bilər.
"Bu, həqiqətən də maraqlı məsələdir. Söhbət təkcə Maksdan getmir, trasda çox güclü pilotlar var. Amma "Maklaren"in iş prinsipinə baxanda görürəm ki, onlar komandanı vahid mexanizm kimi qiymətləndirir və hər şeyi ümumi sistem çərçivəsində nəzərdən keçirirlər. Məncə, uğurun sirri də məhz budur – güclü komanda mühiti formalaşdırmaq.
Əgər məndən soruşsalar ki, onların yerində olsaydım nə edərdim, riskləri minimuma endirməyə çalışardım. Əks halda, komandadaxili birliyi itirmək təhlükəsi yarana bilər.
Komandada artıq iki güclü pilot varsa, niyə mövcud tarazlığı pozasan? Üstəlik, "Maklaren"in heyətində dünya çempionu çıxış edir. Mən və Devid Kulthard Formula 1 tarixində ən uzun müddət komanda yoldaşı olmuşuq. Bu da göstərir ki, komandada sağlam harmoniya varsa, yeni variant axtarmağa ehtiyac qalmır.
Mən Lando Norris və Oskar Piastrini yüksək qiymətləndirirəm. Onlar son dərəcə istedadlı, peşəkar və emosiyalarını yaxşı idarə edən pilotlardır. Belə sürücülərlə işləmək rahatdır, çünki onlar çox sabit çıxış edirlər. Oskar hələ kifayət qədər təcrübəli deyil, buna görə də ona sadəcə zaman lazımdır", – deyə Mika Həkkinen "Up To Speed" podkastında bildirib.