- Formula-1
- 20:24 08.08.2026
Dördqat dünya çempionu Maks Verstappen rəhbəri olduğu “Verstappen Racing” komandasının Formula 1-də heç vaxt iştirak etməyəcəyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot bunun səbəbini Formula 1-də komanda sahibi olmağın həddindən artıq tələbkar olması ilə izah edib.
“Xeyr, biz Formula 1-də iştirak etməyəcəyik. Çünki bu, həddindən artıq tələbkardır. Belə olan halda mən ya ildə 24 yarış keçirməyə davam edərdim, ya da daim öz yarış komandamla məşğul olardım. Öhdəliklərin bir hissəsini başqalarına həvalə etmək mümkündür. Amma düşünürəm ki, komandaya həqiqətən bağlı sahib olmaq və hər şeyin düzgün görülməsini istəyirsinizsə, vəziyyəti daim nəzarətdə saxlamalı və şəxsən iştirak etməlisiniz.
Təbii ki, komandanın gündəlik işini effektiv şəkildə idarə edə biləcək insanlara ehtiyac var. Lakin mən beş yarış ardıcıl çimərlikdə uzanıb komandamda nələrin baş verdiyini bilməyən insan deyiləm. Bu, məndə həddindən artıq stress yaradardı və mən bunu istəmirəm”, – deyə Verstappenin sözlərini “Formule 1 Magazine” yayıb.