12 avqust 2026. Çərşənbə

“Ferrari”dən mövsümün ikinci yarısı üçün iki böyük yenilik paketi


  • Formula-1
  • 23:40 11.08.2026
  • Oxunma sayı: 31
“Ferrari”dən mövsümün ikinci yarısı üçün iki böyük yenilik paketi

“Ferrari” Formula 1 üzrə dünya çempionatının mövsümün ikinci yarısında SF-26 bolidinin inkişafını davam etdirəcək.  

90deqiqe.Az-ın “AutoRacer”ə istinadən məlumatına görə, İtaliya komandası iki böyük yenilənmə paketi hazırlayır. Paketlərdən birincisinin Niderland Qran-prisində – Zandfort trasında debüt edəcəyi gözlənilir.

Məlumata əsasən, Zandfortda Barselona Qran-prisində təqdim olunan və daha sonra təkmilləşdirilən altlığın yeni versiyası sınaqdan keçiriləcək. “Ferrari”nin aerodinamika mütəxəssisləri bolidin yerəbasma qüvvəsini artırmaq və platformanın effektiv işlədiyi diapazonu genişləndirmək üzərində çalışmağa davam edirlər.

Komanda İtaliya Qran-prisində – Monzada isə daha aşağı müqavimət səviyyəsinə malik spesifikasiyaya keçəcək. Lakin əsas diqqət güc qurğusuna yönələcək.

“Ferrari” Monzada ADUO-nun inkişafı çərçivəsində yeni turbokompressor quraşdırmağa ümid edir. Turbin və kompressorun səmərəliliyinin artırılması yüksək dövrlərdə hava axını və təzyiqinə daha yaxşı nəzarət etməyə, itkiləri azaltmağa və mühərrikin maksimal gücünü qorumağa imkan verə bilər.

Bu yeniliyin əsas üstünlüyünün düzlüklərdə sürətin artmasında özünü göstərəcəyi gözlənilir.

 ADUO 2 mövsümün sonunadək “Ferrari”nin əsas güc qurğusu olaraq qalacaq.

Bundan əlavə, “Skuderiya”nın payız aylarında mövsümün dördüncü yenilənmə paketini də tətbiq etməyi planlaşdırdığı bildirilir.







Formula-1