- Formula-1
- 23:59 12.08.2026
“Kadillak” komandası polşa-fransız mühəndis Marsin Budkovskinin komanda rəhbəri təyin olunduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis ABŞ kollektivinin strukturunun formalaşdırılması mərhələsindən yarış performansının inkişafı mərhələsinə keçidi fonunda vəzifəsinin icrasına başlayacaq.
Budkovskinin “Formula-1”də 20 ildən artıq iş təcrübəsi var. O, karyerası ərzində “Prost”, “Ferrari”, “McLaren”, FIA və “Renault”da rəhbər və texniki vəzifələrdə çalışıb. Mütəxəssis həmçinin fransalı komandanın “Alpine” brendinə keçid prosesində baş icraçı direktor və direktorlar şurasının üzvü kimi iştirak edib.
Budkovski “Kadillak”da büdcə məhdudiyyətləri çərçivəsində bolidin inkişafına, daxili proseslərin təkmilləşdirilməsinə və komandanın səmərəliliyinin artırılmasına rəhbərlik edəcək.
Yeni komanda rəhbəri açıqlamasında “Kadillak”ın böyük potensiala və iddialı hədəflərə malik olduğunu bildirib:
“Hazırda qarşımızda böyük imkanlar açılır. Əsas məqsədimiz büdcə məhdudiyyəti çərçivəsində bolidi maksimum səmərəli şəkildə inkişaf etdirmək və yüksək mövqelər uğrunda mübarizə aparmaq üçün komandanın hər bir bölməsinin potensialından istifadə etməkdir.
Vəzifəm əməkdaşlarımızı, alətlərimizi və informasiya axınlarımızı bir araya gətirmək, düzgün qərarların sürətlə qəbul edilməsini və bolidin göstəricilərinin hər yarış həftəsonunda yaxşılaşdırılmasını təmin etmək olacaq. “Kadillak”ın trasdakı fəaliyyətinə rəhbərlik etmək mənim üçün böyük şərəfdir. İşə artıq Niderland Qran-prisindən başlayacağam”.
Qeyd edək ki, bundan əvvəl “Kadillak” komandasının rəhbəri Qrem Loudon olub. Komanda onun sıfırdan kollektivin yaradılmasında və debüt mövsümü üçün əsasların formalaşdırılmasında böyük rol oynadığını vurğulayıb.