- Formula-1
- 20:26 16.08.2026
Formula 1-də Maks Verstappenlə “Red Bull” komandası arasındakı gərginlik gündəmdə qalmaqda davam edir.
90deqiqe.Az-ın məlumatına görə, “Sky Germany”nin televiziya proqramında məsələyə münasibət bildirən Formula 1 şərhçisi Ralf Şumaxer tərəflər arasındakı münasibətlərin daha da pisləşdiyini və bunun komanda daxilində narahatlıq yaratdığını deyib.
Şumaxer mövsümün əvvəlində “Red Bull”un idarə olunması çətin və zəif bolid hazırladığını, komandanın gözlənilən performansı göstərə bilmədiyini vurğulayıb.
“Verstappenlə “Red Bull” arasındakı bağ qopma nöqtəsinə çatıb”, - deyə almaniyalı ekspert bildirib.
Şumaxerin sözlərinə görə, niderlandlı pilot öyrəşdiyi mühitlə yeni imkanlar arasında seçim qarşısında qalıb. O hesab edir ki, “Red Bull” Verstappen üçün doğma komanda olsa da, Lando Norrislə qələbələr qazanan “McLaren”in rəqabətədavamlı olması 28 yaşlı pilotun marağını artırır.
Qeyd edək ki, Verstappenin gələcəkdə “Red Bull”dan ayrılaraq başqa komandaya keçəcəyi ilə bağlı iddialar son vaxtlar gündəmdədir. Niderlandlı pilotun yeni mövsümdə “McLaren”də çıxış edə biləcəyi də ehtimallar arasında göstərilir.