- Formula-1
- 22:23 27.08.2026
“Racing Bulls” Formula 1 komandası 2027-ci il mövsümündə Liam Louson və Arvid Lindbladın əsas pilot kimi çıxış etməsini nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “GPblog” məlumat yayıb.
Bununla yanaşı, hazırda Formula 2 çempionatının lideri olan Nikola Tsolov da komandada yer uğrunda namizədlər arasındadır. Bolqarıstanlı pilot bu həftə ilk dəfə Formula 1 bolidini sınaqdan keçirəcək. Test əvvəlki avtomobillərlə keçirilən TPC proqramı çərçivəsində baş tutacaq.
“Eyni anda üç güclü pilotun olması komanda üçün problem deyil. Arvid və Liam öz işlərini çox yaxşı görürlər. Hazırda Liam çempionatda doqquzuncu yerdədir və həm sıralanma turlarında, həm də yarışlarda sürətli olduğunu göstərib. Eyni sözləri Formula 2-də əla çıxış edən Nikola haqqında da demək olar.
Nəticə etibarilə, gələn il üçün pilot heyəti ilə bağlı qərarı Alan Permeyn verəcək. O da komanda üçün ən yaxşı variantı seçəcək”, – “Racing Bulls”un rəhbərlərindən olan Beyer bildirib.
Mənbənin məlumatına görə, hazırda ən real ssenari 2027-ci ildə Louson və Lindbladın “Racing Bulls”da qalmasıdır. Tsolovun isə böyük ehtimalla komandanın test və ehtiyat pilotu kimi fəaliyyət göstərməsi gözlənilir.