- Formula-1
- 20:54 29.08.2026
“Maklaren”lə müqaviləsini 2030-cu ilin sonunadək uzadan Formula-1 üzrə dünya çempionu Lando Norrisin yeni sözləşmə çərçivəsində illik qazancı məlum olub.
90deqiqe.Az-ın “The Independent”ə istinadən məlumatına görə, britaniyalı pilot yeni müqavilə üzrə ildə təxminən 30 milyon funt sterlinq (təxminən 40,5 milyon ABŞ dolları) qazanacaq.
Ümumilikdə 120 milyon funt sterlinq (təxminən 162 milyon dollar) dəyərində qiymətləndirilən müqavilə Norrisi Formula-1-in ən çox qazanan pilotlarından birinə çevirəcək.
Britaniyalı pilotun illik gəliri yeddiqat dünya çempionu Lyuis Hemilton və dördqat çempion Maks Verstappenin qazancından aşağı olacaq. Sözügedən pilotların hər birinin illik gəlirinin 60 milyon funt sterlinqdən (təxminən 81 milyon dollar) çox olduğu bildirilir.
Norris özü də maaşının Hemilton və Verstappenlə müqayisə ediləcək səviyyədə olmasını istədiyini etiraf edib:
“Onlar qədər qazanmalı olduğumu düşünürəm. Amma müqaviləm, əlbəttə ki, müəyyən mənada Luis və ya Maksın səviyyəsində deyil. Bu da normaldır, çünki karyeramda onlar qədər uğur qazanmamışam. Digər tərəfdən isə eyni səviyyədə olmalı olduğunu düşünürəm. Çünki lazım gəldikdə onlarla mübarizə apara biləcəyimə və işimi daha yaxşı görə biləcəyimə inanıram. Bunun üzərində çalışıram. Ümid edirəm ki, bir gün həmin səviyyəyə yüksələ biləcəyəm”.
Qeyd edək ki, bundan əvvəl Norrisin 2027-ci ildən etibarən “Maklaren”dən illik 60 milyon avro maaş tələb etdiyi barədə məlumat yayılmışdı.